"Prokurorluq orqanları hüquq-mühafizə sahəsində islahatların önündədir". 

Unikal.org xəbər verir ki,  bunu Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Prokurorluq orqanlarında işə qəbulla bağlı keçirilən test imtahanlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, artıq uzun illərdir ki, Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir: “Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul əlbəttə ki, bu orqanda çalışan Azərbaycan gənclərində hüquq mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəldib. Bilirsiniz ki, bu yaxınlarda möhtərəm prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərmanı da mövcuddur və prokurorluq orqanları həmişə olduğu kimi hüquq mühafizə sahəsində islahatların önündədir. Biz əminik ki, şəffaf üsullarla prokurorluq orqanlarına işə qəbul olunan gənclər prokurorluqda şərəflə xidmət edəcəklər, insan hüquqlarının qorunmasında fəal iştirak edəcəklər. Ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında prokurorluq orqanlarının müstəsna xidməti vardır. Son illər isə ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizədə də prokurorluq orqanları öndədir. Bir daha vurğulamaq istəyirəm ki, məhz belə şəffaf üsullarla həyata keçirilən test imtahanları yüksək peşəkarlığa malik olan yüksək bilik və bacarığı olan əməkdaşlar ölkəmizdə həyata keçirilən hüquqi islahatlara öz töhfələrini verəcəklər. Mən gənclərə uğurlar arzulayıram. Əminəm ki, ən biliklilər, ən bacarıqlılar öndə olacaq, prokurorluq orqanlarında işə qəbul olunacaqlar”.

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov isə bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir: “Bugünkü imtahanda 258 nəfər iştirak edib. Müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olub. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir”.