Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nardaran çimərliyində 4 uşaq boğularaq ölüb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, onlar qayalıq ərazidə çimiblər.

Bu barədə məlumatı hadisənin şahidi olan Tamilla adlı qadın sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, ailə hər kəsdən uzaqlaşaraq qayalıq ərazidə suya daxil olub. Qəfil su axını ata və uşaqları 100 metr içəri doğru aparıb. Orada "üzmək qadağandır" işarəsi və xilasetmə qayığı olmayıb.

Hadisə şahidi bildirib ki, uşaqların cəsədini sudan çıxarmağa kiçik limanın iki işçisi kömək edib.

"Uşağın atasını bizim dostlardan biri skuter vasitəsiylə xilas etdi. Skuter olmasaydı, uşaqların atası da boğulacaqdı. Qızla oğlanı həyata qaytarmaq üçün çox səy göstərilsə də, bu, mümkün olmadı. Sonda təcili tibii yardım göründü", - deyə Tamilla xanım qeyd edib.

Qeyd edək ki, FHN-dən verilən məlumata görə, uşaqların boğulduğu yer nəzarətsiz ərazisi olub. Onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda çimərkən batıblar.