Bakının mərkəzindəki iri supermarketlərin birindən məşhur Ukrayna brendi olan “Roshen” şirkətinə məxsus “Galaretka” şokoladlı konfeti xarab çıxıb. 

Unikal.org xəbər verir ki, virtualaz.org-un əməkdaşı "Galaretka” şokoladı alıb. Lakin konfeti açanda məlum olub ki, məhsul xarabdır, kiflənib. Rəngi ənənəvi şokolad rəngində deyil, sarımtıl rəngə çalır, üzərində ovuntuların olması və bərkliyi onun köhnə və xarab olduğunu göstərir.

Çəki ilə satıldığından şokolad kağızının üzərində saxlanma müddəti ilə bağlı hər hansı qeyd olmayıb.  Nəzərə alsaq ki, isti yay qida zəhərlənmələri ilə aktualdır,  keyfiyyət standartları pozulmuş belə qidalar əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola bilər.

Bəs Ukraynanın keçmiş prezidenti, “şokalad kralı” kimi tanınan Pyotr Poroşenkonun şirkətinin xarab konfetləri Bakı marketlərinin piştaxtalarına necə gəlib çıxıb?

Məsələni aydınlaşdırmaq üçün xarab konfetlərin satıldığı mağazaya gedilib. Mağazanın direktor müavini, özünü Şölə xanım kimi təqdim edən qadın bildirir ki, satdıqları konfetlərin xarab olmasından xəbərsizdir. Mağaza rəsmisi “Roshen Azerbaijan”  firmasının ekspeditoruna zəng vurub. Dəstəyi götürən ekspeditor xanım həqiqətən xarab konfetlərin olması ilə bağlı deyilənlərlə razılaşır:

“Bəli, təəssüf ki, bu partiya vurduğumuz “Galaretka” şokoladları xarab çıxıb. Əslində bu şokoladlar təzə məhsuldur və az müddətdir ki, ölkəyə idxal olunur. Amma buna baxmayaraq əhalinin diqqətini cəlb eləmişdi və yaxşı satılırdı. Təəssüf ki, son partiya xarab çıxdı. Biz özümüz də bilmirik ki, niyə belə olub. Hazırda bütün mağazalardan həmin məhsulları yığışdırmışıq,  bir bu mağaza yadımızdan çıxıb. Üzrlü sayın, biz oradan da yığışdıracağıq”, - firma rəsmisi bildirir.

Amma əməkdaş özünü təqdim etmək istəmir və dəstəyi “Roshen Azerbaijan” şirkətinin bölgə müdiri Ramin Qəhrəmanova ötürür. Lakin R. Qəhrəmanov təxminən yarım dəqiqə əvvəl açıqlama verən xanımın dediklərini təkzib edir: “Biz müştərilərə xarab mal satmırıq. Özünüz də gəlib maraqlana bilərsiniz, bizdə məhsul maksimum 21 gün qalır. Hər həftə də yeni məhsul gəlir. Mağazada müştəriyə çatdırılan xarab məhsul mağazanın saxlama şəraitinin problemidir. Biz kondisionerli maşınla ölkəyə idxal olunandan sonra maksimum 4-18 gün ərzində  məhsulu müştəriyə çatdırırıq. Müştəri qutunu açır, baxır, sonra alır”, - deyə R. Qəhrəmanov bildirir.

Qeyd edək ki, supermarketlərdə xarab qənnadı məhsullarının satılması ilə bağlı bu yeganə hal deyil. Bir neçə gün əvvəl də"Veysəloğlu Yaycılı Qardaşlar” MMC-yə məxsus olan "Sweet” konfetindən də qurd çıxdığı haqda xəbərlər saytlarda yayılmışdı.