Azərbaycanda ata övladının ali məktəbə qəbul olmasına qarşı çıxaraq, onun attestatını gizlədib. 

Unikal.org xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov "Facebok" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, baş vermiş hadisənin qurbanı 18 yaşlı Orxan Bağılıdır: "Orxan öz savadı, öz istəyi və öz əzmi ilə ADU-nun Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Orxanı digərlərindən fərqləndirən, bizi isə üzəcək bir məqam var idi. “Ata”sı Orxanın attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyirdi. Orxanla kiçik dialoqumuz oldu. Deyir ki, "mən ixtisas seçimi edib evdə dedim ki, kodlaşdırmanı etmişəm. Atam isə dedi, sən universitetə qəbul olmayacaqsan. Əgər olsan, bizlə yaşamayacaqsan". Avqustun 8-i nəticələr açıqlananda isə atası yenidən eyni şeyi deyib. Orxan isə cavabında "mənim heç sənə ehtiyacım yoxdur" deyərək evi tərk edir. Orxan attestatı ilə bağlı polisə müraciət edib, atası isə cavabında Orxanı şikayət etməyə cəhd edib ki, evdən sənəd oğurlayıb". 

Orxanın özündən böyük qardaşları da təhsil almayıblar. Lakin onlar Orxanın tələbə olmaq istəyinə qarşı deyillər:

"Danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub, ödənişi 1000 manatdır. Deyir: "mənə lazım deyil heç o. Öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam, təhsil haqqımı toplaya bilirəm". Artıq biz Orxanı qeydiyyatdan keçirdik. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti öz dəstəyi ilə Orxanın yanında oldu. Amma Orxanın əzmi, iradəsi, təhsil almaq eşqi hər şeydən üstündür. Belə gənclərimiz olduqca günəşli günlər görəcəyik. Övladlarının təhsil almağının, savadlı olmağının qarşısını alan “valideynlər” isə sadəcə cəmiyyətimiz üçün üz qarasıdır".