15 Sentyabr 2019
14 Sentyabr 2019
"Komanda idman növlərinin inkişafı daha çətindir" - Həsənağa Rzayev (MÜSAHİBƏ)
"Komanda idman növlərinin inkişafı daha çətindir" -Həsənağa Rzayev (MÜSAHİBƏ) MÜSAHİBƏ 11:30 2019-08-20

Milli Olimpiya Komitəsinin İdman Şöbəsinin müdiri Həsənağa Rzayev Unikal.org-a müsahibəsində idmançıların son dövrlərdəki çıxışını dəyərləndirib.

- Azərbaycan idmanın hazırki inkişafı ilə bağlı fikirlərinzi öyrənmək istərdik.

- Bu gün dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi idman sahəsinə də diqqət və qayğı göstərilir. Vurğulamaq istərdim ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idmana qayğı siyasəti onun layiqli davamçısı cənab prezident tərəfindən uğurla həyata keçirilir. Bu gün idmana böyük etimad göstərilir. Biz də idman sahəsində çalışanlar bu etimadı doğrultmağa çalışırıq. Son dövrlər Azərbaycanda təşkil olunmuş Dünya və Avropa çempionatları, beynəlxalq turnirlər, Avropa festivallarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında böyük rol oynayıb. Bu mötəbər tədbirlərin nəticəsidir ki, hər il selleksiya artımı müşahidə olunur, gənclərin idmana olan həvəsi daha da artır.

- Sizcə, bu ilki nəticələr qaneedicidir?

- Əksər idman növlərinin çempionatları hələ qarşıdadır. Ancaq Avropa Oyunları və Avropa Festivalını nəzərə alsaq nəticələrimiz yaxşıdır.

- Taekvondo, güləş, cüdo, boks - sizcə bu idmam növlərindən hansında idmançılarımız özünü daha yaxşı göstərə bilib?

- Sadaladığınız idman növlərinin federasiyalarında işlər düzgün istiqamətdə aparılır. Lakin güləş bizim milli idman növü olduğundan və kütləviliyini nəzərə alsaq, nəticə baxımından üstündür.

- Bəs basketbol, handbol, voleybol - onların son zamanlardakı çıxışları ilə bağlı nə deyə bilərsiniz?

- Komanda idman növlərinə gəldikdə, bu idman növlərinin inkişafı digərlərinə nisbətən daha çətindir. Dediyim kimi, bizim idman növlərinə də uyğun deyil. Çünki Azərbaycanda individual idman növlərinin inkişafı daha çox müşahidə olunur. Lakin buna baxmayaraq C diviziyonunda çıxış edən basketbolçularımız A diviziyonunda iştirak edən Xorvatiya komandasına qalib gəlib. Düşünürəm ki, bu da Azərbaycanda basketbolun inkişaf etməsinə bir sübutdur.

- Milli komandamızın II Avropa Oyunlarında, EYOF-da çıxışları sizcə ürəkaçan oldu, ya daha yaxşı nəticələr ola bilərdi?

- Avropa Oyunlarında idmançılarımızın səylə mübarizəsinə baxmayaraq 15 finalçımızın da 5-i qızıl medal qazana bildi. Lakin daha da çox qızıl medal əldə edə bilərdik. Fikrimcə, bu da yaxşı nəticədir. İnanıram ki, qarşıdakı yarışlarda bu medalların sayı daha da artacaq.

- Üzgüçülük federasiyasındakı vəziyyət də ürəkaçan deyil. Bununla bağlı nə deyə bilərsiniz?

- Üzgüçülük idman növünün də inkişafı çətindir. Çünki maliyyə baxımından hər bir idmançıya, vətəndaşa hovuz əlverişli deyil. Həmçinin maddi baxımından da ağırdır. Amma buna baxmayaraq dünya birinciliyində 6-cı olan Maksim Şemberev Tokio Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

- Ümumumiyyətlə, sizcə hansı federasiya ümidləri tam doğrultmadı, ya da potensialını tam göstərə bilmədi?

- Uğursuz çıxış edənlər sırasında Handbol və Volleybolu qeyd etmək istərdim. Çünki onların festivalda heç bir qalibiyyəti olmadı. Hətta deyərdim ki, çox böyük fərq hesabı ilə uduzdular. Amma daha yaxşı iştirak edə bilərdilər.

Aygün İlqarqızı