24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. 

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Orxan Həsənli 

***

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.