Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki vətəndaşının yataqda şam yandırması yanğına səbəb olub.

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən bildirilib.

22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib. 

Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

Yanğın söndürülüb, lakin araşdırma zamanı maraqlı detallar ortaya çıxıb.

Məlum olub ki, adıçəkilən mənzil "Fayton" turizm şirkətinin sahibi olan İran vətəndaşı Fərranə Fərhad tərəfindən icarəyə götürülərək BƏƏ-dən gələn turistlər - 1992-ci il təvəllüdlü Məhəmməd Obaid Ələnazi və Nəval Dəqhir Ələnazinin istifadəsinə verilib.

Əylənmək istəyən turistlər Lənkəran rayon sakini, 28 yaşlı A.Q-ni mənzilə dəvət ediblər.

Romantik ab-hava qatmaq fikri hansının ağlına gəldiyi artıq önəmli deyil. Nəticədə gənclər elə yataqdaca şam yandırmaq qərarına gəliblər. Lakin hadisələr heç də plan üzrə getməyib. Şam yatağın yanmasına səbəb olub və alov otağı bürüyüb. 

Bir sözlə, ərəblərin bəxti gətirməyib və arzuları ürəklərində qalıb.

Faktla bağlı araşdırma aparılır.