Telekanallar adətən hər dəfə mövsümü açanda yeniliklər etdiklərini söyləsələr də, hər zaman eyni mövzulu verilişləri izləməli oluruq. Gələn ay yeni mövsümə qədəm qoyacaq televiziyalar yeni layihələr, verilişlərlə tamaşaçıların diqqətini çəkməyə və daha böyük auditoriya qazanmaq üçün mübarizə aparacaq. 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a gələn ay yeni mövsümə qədəm qoyacaq televiziya və radio verilişlərindəki gözləntilərindən danışıb.

MTRŞ sədri hər dəfə olduğu kimi, bu mövsümdə də bütün televiziya və radio kanallarına mümkün olan keyfiyyətli dəyişiklər etməyə çağırıb:

“Bilirsiniz ki, bu keyfiyyət işlərini artırmaq bir o qədər asan proses deyil. Bu gün özəl televiziya kanalları çox ciddi rəqabət mühitində yaşayırlar. Bu gün xarici televiziya kanalları peyk və internet vasitəsilə də ölkəmizdə sərbəst yayımlanır. Belə bir mühitdə ciddi şəkildə çalışıb, ortaya birşey qoymalıdırlar. Bu çox çətindir. Amma buna çalışmaq lazımdır. Bu mövsümdə  də radio və televiziya kanallarımız daha keyfiyyətli verilişlər yayımlayacaqlarına ümid edirik”. 

O, həmçinin əlavə edib ki, bu gün Azərbaycanda dünyanın istənilən məhsulunu marketlərdən tapa bildiyimiz kimi, istənilən mövzuda verilişləri də televiziya və radiodan tapmaq mümkündür:

“Bu gün ölkəmizdə kabel, peyk və həm də yerli televiziya kanalları var. Amma çox istərdik ki, yerli televiziya kanallarımız daha keyfiyyətli məhsullar istehsal etsinlər. Azərbaycan vətəndaşlarının bu sahəyədə maraq və təlabatlarını ödəsinlər. Arzu və istəyimiz budur...”

N.Məhərrəmli televiziyalarda yayımlanan bayağı verilişlərə görə, insanları MTRŞ-nı qınamamağa səsləyib: 

“Cəmiyətdə elə bir şüur formalaşıb ki, televiziyalarda nə baş verirsə, bunun hamısına cavabdeh MTRŞ-dır. Bir daha bəyan edirik ki, MTRŞ televiziyaların yaradıcılıq işinə qarışmır. Biz televiziya kanallarına deyə bilmərik ki, bu müğənnini verilişə dəvət elə, o birini dəvət etmə!. Onun oxuduğu yaxşı və ya pisdir. Sadəcə olaraq MTRŞ teleradio sahəsində qanunun icrasını həyata keçirən bir qurumdur.

Biz dəfələrlə demişik ki, Azərbaycanda özəl televiziya kanallarının verilişlərinin keyfiyyəti bizi qane etmir. Bu təkcə Azərbaycanda deyil. Dünyada baş verən proseslər fonunda gedən bir hadisədir. Azərbaycanda elə televiziya kanalları var ki, orada şou-bizneslə bağlı heç nə yayımlanmır. Yəni, Azərbaycan dövləti vətəndaşlarına bu sahədə də seçim verib. Azərbaycan Dövlət Televiziyası (AzTv), Mədəniyyət kanalı, İctimai Televiziya (İTV) buna misal göstərmək olar.  Bura “Real TV”, “CBC”, “ARB” telekanalınıda daxil edərdim. Bu gün kim istəyir şou-biznes, kim də istəyirsə ictimai-siyasi, mədəni, idman verilişlərinə baxa bilir. Bunun üçün seçim verilib. Yeni açılan kanalların yayımladığı verilişlərdə də hər hansı bir qanun pozuntusu görməmişik. Əsas məqsəd odur ki, insanlar bütün sahələrdən olan verilişlərə öz seçimi ilə Azərbaycan telekanallarında izləyə bilsinlər. Bu gün Azərbaycanda dünya telekanallarını izləmək mümkündür. İnsanlar özlərində axtardığını orada tapırlar. Bunun üçün də texniki şərait yaradılıb”. 

N.Məhərrəmli həmçinin Azərbaycanda yeni televiziya kanalının açılmayacağını da bəyan edib: “Televiziya kanallarımızın sayı yetərincədir. Bu məsələ gündəmdə deyil”. 

MTRŞ sədri Azərbaycanda bəzi televiziya kanallarının görüntüsü və yayımının zəif olması məsələsində də toxunub: “Əlbəttə bu televiziya kanallarının öz problemidir.  Hər bir kommersiya qurumunun sahibi kimi, özəl televiziya kanallarının sahibi də çalışmalıdır ki, istehsal etdiyi verilişləri istehlakçıya çox gözəl şəkildə çatdırsın. Əgər televiziya rəhbərliyi istəyirsə onun verilişlərinə çox baxılsın, bunun üçün əvvəlcə bütün texniki problemi aradan qaldırmalıdırlar. Təbii ki, başa düşülür ki, texniki poblemlərin həlli ciddi maliyyə tələb edir. Amma buna baxmayaraq, bütün kanalların rəhbərliyi çalışıb öz üzərinə düşən işi görməlidirlər”. 

Amid Əyyuboğlu