İqtisadiyyat naziri Şahin Mustafayev Argentinanın Azərbaycandakı Səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Unikal.org-a daxil olan məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycanla Argentina arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əməkdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın müqavilə-hüquq bazası mövcuddur. Ticarət və iqtisadi əməkdaşlıq, vergi məlumatlarının mübadiləsi, elmi, texnoloji tədqiqat və innovasiya sahələrində, gömrük işi, texniki əməkdaşlıq və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib, ölkəmizin iqtisadi imkanlarını, qeyri-neft məhsullarının istehsalı və aqrar sahədə əməkdaşlıq potensialını vurğulayıb, argentinalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin təşkilinə dəvət edib.

Argentinanın Azərbaycandakı Səfiri Serxio Osvaldo Perez Qunella Azərbaycan-Argentina iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını qeyd edib, Argentinanın biznes imkanlarına dair məlumat verib, argentinalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiklərini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı sənaye parklarında və aqroparklarda Argentina şirkətlərinin iştirakı, sənaye, kənd təsərrüfatı, əczaçılıq, ticarət və s. sahələr əməkdaşlığın genişləndirilməsi və birgə lahiyələrin həyata keçirilməsi imkanları müzakirə olunub.