Siyəzəndə iki nəfərin ölümünə səbəb olan sürücü - Yaşar Əliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. 

Unikal.org xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Siyavuş Hacıyevin icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, bu il mayın 31-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində Yaşar Əliyev “Mercedes Benz” markalı 90-NH-489 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. 

Nəticədə avtomobildə olan sərnişinlər - Larisa Lapina və Mövlüd Əmraslanovun hadisə yerində vəfat ediblər. Nəzrin Hacıbalayeva isə xəsarət alıb. 

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Y.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Y.Əliyev iyunun 3-də şübhəli şəxs qismində tutulub.

Ali Osmanov