"AAAF Park" yaşayış kompleksindən 20-dən artıq vətəndaş mənzil alıb, iki ilə yaxındır ki, evlərinə köçə bilmirlər.  

Bu barədə Unikal.org-a  "AAAF Park" yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binadan mənzil alıb, təhvilini gözləyən sakinlər müraciət edib. 

Narazı sakinlər məsələ ilə bağlı müvafiq dövlət qurumlarına və "AAAF Park" yaşayış kompleksi rəhbərliyinə şikayət məktubu ünvanlayıb. 

Dövlət orqanlarından onların haqlı olması ilə bağlı cavablar da gəlib. "AAAF Park"a mənzillərin ödənişini vaxtı-vaxtında ödədikləri halda, sakinlər hələdə evlərinə köçə bilmirlər. Şirkət müqavilə öhdəliklərini yerinə yetirmir.  Belə ki, sakinlər bağladıqları müqaviləyə əsasən 2015-ci ildə "AAAF Park" yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binanadan aldıqları mənzillərə 2018-ci ildə köçməli imişlər. 

Sonra 2018-ci ilin axırında təhvil veriləcəyini söyləyiblər. Bir müddət sonra təhvil prosesi 2019-un aprel-may aylarına salınıb. Daha sonra 2019-cu ilin axırına, indi isə 2020-2021-ci il söhbətini ortaya ataraq, kompleksi tam şəkildə sözügedən müddətdə təhvil veriləcəyini deyirlər.

Sakinlər bildirir ki, kompleksin bütöv şəkildə təhvil verilməsi üçün ən az 4 il vaxt lazımdır.

Şikayətçilərdən biri qeyd edir ki, 2015-ci ildə əlindəki hazır mənzilini barter edərək bu kompleksdən daha geniş mənzil alıb və özü isə ailəsi ilə kirayəyə ev tutub. Halbuki, ona da 2018-ci ilin sonunda mənzilinə köçə biləcəyini deyiblər. Sözügedən vətəndaş qeyd edir ki, kirayə və həm də yeni mənzilin aylıq ödəniş pulunu qazana bilmədiyi üçün ailəsini buraxıb, xaricə işləməyə gedib.

Bununla belə,  28-ci küçədə tikilməkdə olan binanadan aldıqları mənzillərə görə, məhkəməyə müraciət edən bir neçə sakin də var. Məhkəmə qərar verib ki, şirkət onların aldıqları mənzilə görə, ödədikləri pulu geri qaytarsın. Amma, şirkət bu vətəndaşların da pulunu geri qaytarmaq prosessini də uzadır. 

ƏVVƏL: 12:59:34

****

YENİLƏNDİ: 15:28:34

Sakinlərin haqlı narazılığı ilə bağlı Unikal.org-a açıqlama verən “AAAF Park” Yaşayış Kompleksinin mətbuat katibi Kənan Məstəliyev bildirib ki, ölkənin tikinti sektorunda yaşanan obyektiv və subyektiv problemlər, "AAAF Park" Yaşayış Kompleksi olaraq bizdən də yan keçməmişdir: "Bu səbəbdən də tikinti sahəsindəki gecikmələri etiraf edirik. Narazı qalan vətəndaşlarla mütəmadi görüşür, situasiyanı izah edir, istəklərinə uyğun addımlar atırıq. Bu təcili və ciddi addımlardan sonra ən yaxın zamanda bu problemlər kökündən həll olunacaqdır."

****

YENİLƏNDİ; 15:43:44

Narazı sakinlərin qrup rəhbəri “AAAF Park” Yaşayış Kompleksinin mətbuat katibi Kənan Məstəliyevin açıqlamasını yalan olduğunu deyib: "Narazı qalan hansı sakinlərlə görüşüblər və məktub niyə Aaafpark tərəfindən cavablanmayib?".

“AAAF Park” Yaşayış Kompleksinin mətbuat katibi Kənan Məstəliyev isə Unikal.org-a sakinlərin bu sualına isə belə cavab verib: "Siz narazı sakinlərin birinə mənim əlaqə nömrəmi verin. Onlar mənimlə danışsınlar. Bundan sonra lazım gəlsə rəhbərlik səviyəsində də görüş təşkil edərik".