Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Unikal.org-un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyib.

Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edib.

Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

Sonra növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

Daha sonra sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.

13:19

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir.

Unikal.org xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb. 

12:15

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti başlayıb.

Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul ediləcəyi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.