Bu gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Unikal.org-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz çoxdur. Keçən il oktyabrın 16-dək 126 min ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Sahələrdən məhsulun 90 faizinin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də start verilib. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə bu kombaynlar da yığım prosesinə cəlb olunacaq.

Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.