Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin keçirdiyi müşavirədə iqtidarda olan bəzi məmurları tənqid etməsindən danışıb. 

Unikal.org xəbər verir ki, S.Novruzov “Qafqazinfo”ya müsahibəsində aşağıdakı fikirləri səsləndirib:

"Prezident ümumi qaydada məsələlərə toxundu və onlara xəbərdarlıq etdi.  Onlardan eləsi var ki, bu gün də vəzifədədir. Lakin dövlətin apardığı işə əngəl törədir. Eləsi var ki, bu gün işləmədiyindən yox, potensialının olmamasından aparılan aktiv siyasətə çata bilmədiyindən bir əngələ çevrilibdir. O insanlar da başa düşməlidir ki, özü istefa ərizəsini yazıb verməlidir. Kənara çəkilməlidir ki, dövlətimiz inkişaf etsin. Bu gün ictimai-siyasi, iqtisadi, sosial islahatlara cavab verməyən  şəxs özü bunu dərk etməlidir. Gözləməməlidir ki, onun haqqında hər hansı bir qərar qəbul olunsun.  Dünyada da formalaşmış bir istefa mədəniyyəti var. Əgər şəxs görürsə ki, öz əməli fəaliyyətiylə dövlətinə, xalqına, Prezidentinə hər hansı bir xeyir verə bilmirsə, o, kənara çəkilməlidir. Əgər dövlətini, xalqını, vətənini sevirsə... Yoxsa başqa şeyləri sevirsə, təbii ki, burada problemlər ortaya çıxacaq".

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Ölkə başçısı qeyd edib ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib.