15 Noyabr 2019
“Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxdı
“Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxdı CƏMİYYƏT 15:33 2019-10-17

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 3-cü sayı (2019) çapdan çıxıb.

Unikal.org xəbər verir ki, jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov jurnalın yeni sayı haqqında məlumat verib. O bildirib ki, “Türkologiya” jurnalının bu sayına Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Macarıstan türkoloqlarının türkologiyanın müxtəlif sahələrinə həsr etdikləri məqalələr toplanıb.

E.İbrahimov onu da qeyd edib ki, jurnalın bu sayında “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında “Ça: axan suyun səsi”,  “Xakas dilində qoxu kodu prizmasından dünyanın qavrayışı”, “Təbriz folkloru Sürəyya xan Şapşalın təqdimatında”, “Türk runları vasitəsilə “baş”, “kort” və “stan” sözlərinin rekonstruksiya təcrübəsi” kimi orijinal elmi-nəzəri məqalələr dərc olunub. O əlavə edib ki, jurnalın “Müzakirə və diskussiya” rubrikasında “Kitabi-Dədə Qorqud”a aid yeni əlyazmanın tapılması ilə əlaqədar elmi məqalələr verilib. Burada siz Azərbaycan alimləri Ramazan Qafarlı və Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud”un yeni əlyazması haqqında geniş araşdırması, türkiyəli görkəmli alim, professor Osman Fikri Sərtqayanın “Kitabi-Dədə Qorqud”un əlyazmaları haqqında məqaləsi ilə tanış olacaqsınız. 

“Elmi həyat” rubrikasında dünyanın bir çox ölkələrində türkologiya sahəsində keçirilən konfrans və simpoziumlar, bu elmi toplantılarda müzakirə edilən məsələlər haqda məlumat verilib. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.  

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.