20 Noyabr 2019
19 Noyabr 2019
Qayınatasını döyən dünya çempionunun cəzası ağırlaşdırıldı
Qayınatasını döyən dünya çempionunun cəzası ağırlaşdırıldı KRİMİNAL 15:34 2019-10-17

Bakıda qayınatasını döyməkdə təqsirləndirilən kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov yenidən məhkəməyə müraciət edib.

Unikal.org xəbər verir ki, Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edən E.Məcidov cəzasının yüngülləşdirilməsini istəyir. Kassasiya şikayəti hakim Şahin Yusifovun icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və zərərçəkmişlə E.Məcidov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 6 il 6 aya qədər qaldırıb.

Ali Osmanov