Bakıda qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilən Adil Kəngərlinin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Fərid Yaqubovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, A.Kəngərlinin cəzası 1 il 6 aya endirilib. 

Rəsmi məlumata əsasən, bu ilin may ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə paytaxt sakini “Tapança Adil” ləqəbli A.Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb. Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Xatırladaq ki, A.Kəngərli indiyə qədər Cinayət Məcəlləsinin oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə dəfələrlə məhkum olunub. Onun barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. A.Kəngərli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Ali Osamanov