Bakıda 14 marşrut xəttinin istiqaməti əvvəlki vəziyətinə qaytarıldı. 

Bu barədə Unikal.org Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Məlumatda deyilir ki, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilmişdi.

Dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.

Artıq “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb. Avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərimizə xidmət edirlər.

Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.