“İstənilən addıma qəmiş qoyurlar”
“İstənilən addıma qəmiş qoyurlar”

“Təklif olunan dəyişiklikləri mütərəqqi addım hesab edirəm”.

Azərbaycanda hökumətin icazə vermədiyi kütləvi aksiyalara – mitinq, yürüş və piketlərə qarşı sərt sanksiyalar tətbiq olunur. Bununla bağlı “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Layihənin müəllifi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılovdur.
Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub.
Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.
Yeni layihəyə müxalifət qəti şəkildə etiraz etsə də YAP rəsmiləri bunu normal qarşılayıb. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov qeyd edib ki, deputat Rafael Cəbrayılovun “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə yeniliklər üçün hazırladığı layihə Milli Məclisdə müzakirə olunanda YAP-ı təmsil edən deputatlar mövqeyini ortaya qoyacaq.
Siyavuş Novruzov qeyd edib ki, son zamanlar Milli Məclis Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə xeyli dəyişikliklər edib: “Vətəndaşların yol hərəkəti qaydalarını pozması, ağır tonnajlı maşınlara həddindən artıq yük vurulması, avtomobillərin icazəsiz nöqtələrdə saxlanması kimi məsələlərə görə cərimələr artırılıb, sanksiyalar sərtləşdirilib.
Kütləvi etiraz aksiyaları məsələsində qanun pozuntularına görə cərimələrin artırılması üçün də kifayət qədər əsas və fakt var. Bu yaxınlarda hicabla əlaqədar olaraq Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirildi. Həmin aksiyada bir nəfər də olsun qadın və yaşlı insan iştirak etmirdi, hamısı xüsusi hazırlıq keçmiş cavan insanlar idi. Artıq bunlar hicaba azadlıq adı altında təxribatla məşğul olmaq, dağıdıcı qüvvələrin tapşırıqlarını yerinə yetirmək üçün hərəkət edirlər. Bundan sonra bütün bu məsələlər qanunla tənzimlənəcək və hamı qanun qarşısında cavab verəcək.
Layihə hazırlananda dünya praktikasına istinad olunub. Dünya ölkələrində qanunsuz aksiyalara görə sanksiyalar, cərimələr sərtdir. ABŞ, Böyük Britaniya, Fransa, Almaniyada qanunsuz aksiya keçirənləri daha sərt formada cəzalandırırlar. Bizdə də kim qanunsuz hərəkət edəcəksə, qanunu pozacaqsa, digər şəxslərə xəsarət yetirəcəksə, onda daha sərt formada cəzasını alacaq”.
Cərimələrin məbləğinin böyük olmasına gəlincə, Siyavuş Novruzov deyib ki, məsələnin mahiyyəti bundan ibarət deyil, söhbət cərimənin miqdarının azlığından-çoxluğundan getmir: “Qanunu pozma. Qanunu pozan adam cərimə ödəməlidir”.
YAP icra katibinin müavini “Beynəlxalq təşkilatlar bu dəyişikliklərə görə Azərbaycanı qınaya bilər” qeydinə belə reaksiya verib: “Azərbaycan istənilən addımına qəmiş qoyurlar. Elə Avropa Şurası Venesiya Komissiyasının bir necə gün əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəyi götürək. Tam ədalətsiz rəy və təklifdir. Sadəcə olaraq Azərbaycana müdaxilə etmək istəyirlər. Müdaxilə üçün də belə bir vasitə seçiblər. Belə müdaxiləni ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan gətirilməsi və əfv edilməsi zamanı da gördük. Azərbaycan rəhbərliyi ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun addım atıb. Amma bəzi ölkələr, beynəlxalq təşkilatlar bu addımı ədalətsiz formada tənqid etdilər, özlərinin və erməni lobbisinin məkrli palanlarına uyğun mövqe tutdular, ermənilərə himayəçilik etdilər. Ona görə də onların nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur.
Əsas məsələ odur ki, hansı siyasi partiyanın üzvü, hansı qurumu təmsil etməsindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyi, qanunu pozacağı halda isə cəzaı çəkəcəyi, cərimə ödəyəcəyi ortaya qoyulub. İstər YAP, istər Müsavat, istər AXCP üzvü olsun, istərsə də QHT təmsilçisi. Kim qanunu pozacaqsa, sərt sanksiyalar da ona tətbiq olunacaq.
Ümumiyyətlə, Azərbaycanda etiraz aksiyası keçirilmir. Bir qrup adamdır, düşüblər ortaya. Onların sosial bazası olmadığına görə şəhərin mərkəzi hissələrində aksiya keçirməyə, Fəvvarələr meydanına, Sahil bağına toplaşmağa çalışırlar. Oradan keçən insanların sayı hesabına guya izdihamlı mitinq keçirdiklərini göstərməyə, müxtəlif şəkillər çəkib beynəlxalq təşkilatlara, onları himayə edən qurumlara göndərib qrant almağa çalışırlar”.
Siyavuş Novruzov bildirib ki, dəyişikliklərin qarşıdan gələn 2013-cü il prezident seçkisi ilə bağlılığı yoxdur: “İndi 2012-ci ildir. Milli Məclisin hər bir üzvünün qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Deputat Rafael Cəbrayılov bu hüququndan istifadə edib. Komitə məsələyə baxacaq. Sonra məsələ Milli Məclisə gələcək. Qərarı Milli Məclis verəcək. Bunun prezident seçkisi ilə heç bir bağlılığı yoxdur”.
Toğrul