12 Noyabr 2019
"Biz bəzən operativliyi dəqiqliyə qurban veririk" - 5 yaşlı "Report"un Baş redaktoru
"Biz bəzən operativliyi dəqiqliyə qurban veririk"- 5 yaşlı "Report"un Baş redaktoru MÜSAHİBƏ 11:05 2019-10-25

Ölkə mətbuatında özünəməxsus yer tutan və mötəbər xəbər mənbələrindən biri sayılan Report İnformasiya Agentliyinin 5 yaşı tamam olur.

Unikal.org bu münasibətlə agentliyin Baş redaktoru Murad Əliyevdən müsahibə alıb. Baş redaktor müsahibəsində "Report"un yaranma tarixi və gələcək planlarından danışıb.

- Öncə "Report" İnformasiya Agentliyinin yaranma tarixindən danışaq. Necə oldu bu agentlik fəaliyyətə başladı?

- 2014-cü ildən fəaliyyətə başlamışıq. Yaranan gündən əsas məqsədimiz dünyada və ölkədə baş verənləri operativ şəkildə oxuculara çatdırmaqdan ibarətdir. Azərbaycanda baş tutan iri miqyaslı tədbirlərdən geniş reportajlar hazırlayırıq. Hesab edirəm ki, ötən dövr ərzində bu işin öhdəsindən uğurla gələ bilmişik. Yəni, agentlik ilk gündən eksklüziv xəbərlərə üstünlük verir. Bu səbəbdən də istər yerli, istərsə də xarici saytlar üçün "Report" ən etibarlı istinad mənbəyinə çevrilib. Gün ərzində yüzlərlə xəbər saytları və televiziyalar bizim xəbərlərimizə istinad edir. "Report" informasiya agentliyi xəbərləri Azərbaycan, rus və ingilis dillərində dərc edir. Hər gün saytda yerləşdirilən 200-ə yaxın xəbər, analitik yazılar digər dillərə tərcümə olunur. Agentliyin tərcümə şöbəsinin əməkdaşlarının peşəkarlığı və operativliyi sayəsində həm Azərbaycanın, həm də region və dünyanın ən aktual xəbərləri geniş auditoriyaya çatdırılır. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımdan xüsusi əhəmiyyət kəsb edən tərcümə prosesinə agentlikdə xüsusi diqqət ayrılır.

- Agentliyiniz hansı bölgələri əhatə edir? Neçə əməkdaşınız var?

- Hazırda "Report"un işğal olunmuş ərazilərimizdən başqa ölkənin bütün bölgələrində bürolarımız və müxbirlərimiz fəaliyyət göstərir. Biz bölgələrdə könüllülərimizi də işimizə cəlb etmişik. Jurnalistikaya marağı olan könüllü şəxslər bizim bölgə bürolarımızda bu sahənin əsaslarını öyrənirlər. Bir sıra xarici ölkələrdə bizim müxbir postlarımız var. Rusiya, Gürcüstan, Türkiyə, Fransa və digər Avropa ölkələrində əməkdaşlarımız fəaliyyət göstərir. Ən mühüm xarici xəbərlər də bizim öz müxbirlərimizin imzası ilə yayımlanır.

- Gənc baş redaktor kimi "Report" xəbər agentliyinin daha uğur əldə etməsi üçün hansı işləri görürsünüz?

- Hazırda Azərbaycanın media məkanı kifayət qədər zəngindir. Önə keçmək üçün əsas məsələ dayanmadan çalışmaq, əmək sərf etməkdir. Gənc olmağımız daha enerji ilə işləməyimizə səbəb olur. Bizim saytımız gün ərzində 24 saat işləyir. Əməkdaşlarımızın əksəriyyəti gənclərdən ibarətdir.  Mənim özüm 14-15 ildir ki, mətbuatdayam. Məndən də təcrübəli əməkdaşlarımız var. Burada media təcrübəsi ilə keyfiyyətli iş ortaya qoymağa çalışırıq. Dəqiq, operativ, təsdiqlənmiş xəbərlər verməyə çalışırıq.

- Əməkdaşlarınızın qarşısına əsas hansı tələb qoyulub?

- İlk növbədə əsas tələbimiz xəbərlərin dəqiqliyi ilə bağlıdır. Çünki xəbərdə yanlışlıq olarsa, oxucuların, həmçinin bizə istinad edən saytların da etibarı itmiş olar. Ona görə də biz bəzən operativliyi dəqiqliyə qurban veririk. 

 - Maraqlıdır ki, sizin rəqib hesab etdiyiniz agentlik, saytlar varmı?

- Hesab edirəm ki, bu gün ölkəmizin media sahəsində  kifayət qədər rəqabət mühiti və oxunaqlı agentlik və saytlar var. Bizim konkret rəqabət apardığımız agentlik yoxdur. Hansısa sayt bir xəbəri bizdən öncə dərc edirsə o bizim rəqibimizdir. 

- Agentlik olaraq ən böyük hədəfiniz nədir?

- Bu günə qədər bizim əsas hədəfimiz agentlik kimi oxucu toplamaq, etibarlı xəbər resursu olduğumuzu təsdiqləmək idi. Biz bunu bacardıq. Bundan sonrakı mərhələdə  əsas məqsədimiz Azərbaycan media brendi kimi dünyada tanınmaqdır. 

Famil Fərhadoğlu