"Venesuela Qoşulmama Hərəkatına və "Bandunq prinsiplərinə" böyük əhəmiyyət verir".

Unikal.org xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün açılışında deyib.

"Sədrliyimiz dövründə fəal olduq. Üç hədəfimiz var idi. Təşkilata üzv ölkələr arasında daha böyük birlik və həmrəylik təmin etmək lazımdır. Üzərimizə düşən bütün öhdəliklərimizi yerinə yetirdik və təşkilata sədrliyi Azərbaycana veririk"", - N.Maduro söyləyib.

O, həmçinin qonaqpərvərliyinə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.

"Sammitdə iştirak etmək mənim üçün şərəfdir. Bu, sıx münasibətlərimizin olduğu ölkədir. Ölkəmiz çox çətin və gərgin dönəmdə, ölkələrimiz qarşısında çağırışlar yarandığı dövrdə təşkilata sədrlik etdi", - Venesuela rəhbəri vurğulayıb.

O, Venesuelanın təşkilata sədrliyi dövründə göstərilən həmrəyliyə görə Qoşulmama Hərəkatı ölkələrinə təşəkkürünü bildirib.

"Neft və qazın 80%-i Qoşulmama Hərəkatı ölkələrinin payına düşür. Dünya ərazisinin üçdə biri və dünya əhalisinin 50%-i təşkilat ölkələrinin payına düşür. Belə şəraitdə bizə necə təzyiq göstərməyə çalışmaq olar?! Biz çöxqütblü dünya istəyirik və bunun uğrunda mübarizə aparacağıq. Bu, Hərəkətımızın əsasını təşkil edir. Beynəlxalq qanunların kobud şəkildə pozulması ilə barışmamalıyıq", - Venesuela Prezidenti deyib.

Xatırladaq ki, sammit zamanı Qoşulmama Hərəkatı təşkilatına sədrlik üç il müddətində Azərbaycana keçəcək.