Oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Macarıstana səfəri başlayıb.

Komitədən Unikal.org-a verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Azərbaycanın Macarıstandakı səfirliyinin binasında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Sonra Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Farkas Gergeli ilə görüş keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər. Danışıqlar zamanı diaspor və miqrasiya məsələlərilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşə görə minnətdarlığını bildirən komitə sədri F.Muradov ölkələrimiz arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi iri miqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunması, şəbəkələşməsi, eyni zamanda milli kimliklərini qoruması, azərbaycanlı tələbələrin Macarıstandakı təhsil həyatı, macar gənclərinin iştirak etdiyi beynəlxalq layihələr barədə fikirlərini söyləyib.

Komitə sədri oktyabrın 26-da azərbaycanlı icma ilə görüşün keçiriləcəyi, həmin toplantıda Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirak edəcəyi haqda da qarşı tərəfi məlumatlandırıb.

Danışıqların sonunda Dövlət Komitəsinin adından F.Gergeliyə Azərbaycanın tarixinə və mədəniyyətinə aid xatirə hədiyyələri təqdim edilib.

Daha sonra dostluq qrupunun rəhbəri azərbaycanlı qonaqları Macarıstan parlamentinin qədim tarixə malik olan binası ilə tanış edib