Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara görə, E.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. 

Hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb.

Ağır yaralanan N.Cəfərov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar. İttihama görə, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.

Ona Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə ittiham verilib.   

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Ali Osmanova