Bakıda yeznəsini öldürməkdə təqsirləndirilən Rauf Şirinovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası noyabrın 6-nə təyin edilib.

Hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

R.Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah da üzərində olub və ondan götürülüb.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi qətldə şübhəli bilinən şəxs idarə etsə də, “84” və “113” nömrəli avtobusların marşrut xətləri R.Məmmədova məxsus olub. İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.

R.Şirinova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Əli Osmanov