Daxili İşlər Nazirliyində (DİN) müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların respublikanın şəhər, rayon polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında reallaşdığını xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

V. Eyvazov hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu bildirib.

DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla komplektləşdirilməsinə dair Daxili İşlər nazirinin müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib.

O, qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müsbət xarakterizə olunan 199 əməkdaşın bilik və fiziki hazırlıq səviyyəsi yoxlanılıb.

İmtahanların nəticəsinə görə daha üstün olan 36 nəfərin seçildiyi, həmin əməkdaşların istəkləri və iş yerləri nəzərə alınmaqla orta rəis heyəti vəzifələrinə təyin olunduqları diqqətə çatdırılıb.

Daha sonra Nazirliyə dəvət edilmiş əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə Daxili İşlər nazirinin müvafiq əmri elan edilib.

V. Eyvazov gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib.