Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana dəvət olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Unikal.org-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfə doğma Vətəndə olacaqlar. 

Səfər yaxın vaxtlarda baş tutacaq. 

Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.