Bakının Xəzər rayonu Zirə qəsəbəsində meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev və Xəzər rayonunda fəaliyyət göstərən 70-ə yaxın istixananın rəhbər və nümayəndələri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün bütün şəraitin yaradıldığını deyən Elşən Salahov görüşdə iştirak edən sahibkarları fəal olmağa və qarşılaşdıqları çətinliklər barədə məlumat verməyə çağırıb. 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib: “Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Yeni susidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.

Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsiplərini rəhbər tutduğunu deyən nazir müavini aqrar sahədə çalışanlara hərtərəfli dəstəyin davamlı olacağını vurğulayıb. 

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı bildirilib.