İran ölkədəki iğtişaşlara qarışdığına və ölkəyə dəyən ziyana görə ABŞ-dan 130 milyard dollar kompensasiya almaq niyyətindədir.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu haqda İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmaili bildirib.

“ABŞ-a qarşı İran xalqının xeyrinə 130 milyard dollar kompensasiya ödənilməsini nəzərdə tutan 360-dan çox iş açılıb”, - deyə o qeyd edib.

İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi, həmçinin, bildirib ki, Tehran ABŞ-ın İran xalqına qarşı cinayətlərinə qarşı müqavimət göstərir:

“Vaşinqtonun vurduğu ziyana görə bir çox cinayət işi açmışıq”.

Qeyd edək ki, noyabrın 15-də yanacağın qiymətinin qalxmasına etiraz olaraq İranın bir neçə şəhərində polislə qarşıdurmalarla nəticələnən kütləvi aksiyalar başlayıb. Etirazçılar bankların binalarını və polis məntəqələrini yandırıblar.

Bir sıra ABŞ siyasətçisi rəsmi Tehranın etirazçılara münasibətini tənqid edib. ABŞ dövlət katibi Mayk Pompeo müraciətində iranlı etirazçılardan qarşılaşdıqları təzyiq və insan hüquqları pozuntuları ilə bağlı foto və videoları ABŞ Dövlət Departamentinə göndərmələrini istəyib.