"Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yanlış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib.

Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı noyabrın 27-də evə buraxılıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.