Hirkan Milli Parkında quraşdırılan 20-dən çox fototələ bu dəfə maraqlı görüntülər lentə alıb.

Unikal.org xəbər verir ki, video və foto görüntülərə bəbirlərlə yanaşı, digər heyvanlar da düşüb.

Hirkan meşələrində bəbirlərin sayının daha çox olduğu istisna edilmir. Bu məqsədlə gələcəkdə Hirkan Milli Parkında fototələlərin sayının 40-a çatdırılması nəzərdə tutulub.

Parkın direktoru Azər Mirzəyev azərtac-a bildirib ki, son monitorinq zamanı fototələlər iki bəbirin görüntüsünü lentə ala bilib: "”Fototələləri kəndlərə daha yaxın ərazilərdə quraşdırmışıq. Bu cihazların yaddaşında çoxlu qaban sürüləri, cüyür sürüləri, oxlu kirpilərin düşməsi onu göstərir ki, bizim bəbirlərin yem bazasında heç bir çətinlik yoxdur. Parkda düzgün mühafizə nəticəsində bu bəbirlər özünü rahat hiss edirlər. Biz bu fototələlər vasitəsilə mütəmadi bəbirləri izləyə bilirik. Canavar, qonur ayı və digər xırda heyvanlar, çaqqal, porsuq, oxlu kirpilər, hətta xırda heyvanları da fototələlər lentə alıb”.