Bu gün Beynəlxalq Əmək Təşkilatının (BƏT)  texniki dəstəyi və AHİK-in təşkilatçılığı ilə  Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər: Həmkarlar ittifaqlarının reaksiyası” mövzusunda konfransı   keçirilib.

Unikal.org xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin birinci müavini İlyas Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin biri – iqlim dəyişikliyinə yönəlib. Bu məqsəd iqlim dəyişikliyinə və onun təsirlərinə qarşı təcili tədbirlər görülməsini tələb edir. Artıq dünya ictimaiyyəti dərk edir ki, iqlim dəyişmələri dünyanın bütün ölkələrində hər kəsə təsir göstərir. Təsadüfi deyildir ki, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında ekoloji inkişaf haqqında geniş söhbət aparılıb. Qurultayın Bəyanatında sosial, ekoloji və digər aspektləri birləşdirən, tam şəkildə iqtisadi inkişaf çərçivəsini aşan alternativ bir nəzər - nöqtəsinin tətbiqi tələbi irəli  sürülür. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradıb. Komissiyanın üzvləri tərəfindən «BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi – həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası» sənədi hazırlanıb.  

Konfransda həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Türkmənistan Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqının sədri Beqens Bayramov və BƏT-in Azərbaycan üzrə Milli Koordinatoru Yaşar Həmzəyev çıxış ediblər.