Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Məni gözəl xatırla” adlı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbir ADU-nun Tələbə Gənclər Təşkilatının “Yazarlar klubu”nun təşkilatçılığı ilə baş tutub.  

Tədbirdə universitetin tələbələri klubun üzvlərinin müəllifi olduğu şeirləri, həmçinin Xalq yazıçısı Kamal Abdullanın şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbiri böyük məmnuniyyətlə sona qədər izlədiyini deyib: “Bu gözəl tədbirin hazırlanmasının hansı zəhmətin üstündən yüksəldiyini təsəvvür edirəm. Şeirə, sənətə məhəbbət hər bir azərbaycanlının qəlbindədir. Sovet dövründə tez-tez deyilirdi ki, Azərbaycan xalqı şair xalqdır. Əslində, bütün xalq necə şair olar, bunu heç cür təsəvvür edə bilmirdim. Mən bu fikirlə bağlı belə bir qənaətə gəldim ki, Azərbaycan xalqı harmoniyaya can atan xalqdır. Mən bu gün bu tədbirdə böyük harmoniyaya canatma gördüm. Sevindirici haldır ki, bu gün bizim oxucularımızın sayı yazıçılarımızın sayından çoxalmağa doğru gedir. Çünki hər şey oxumaqdan başlayır. Mənim beynimdə, qəlbimdə burada səslənən bir çox şeirlərin misraları qaldı. Hamınız son dərəcə çox xoşumuza gəldiniz”.