REAL Təhlil İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tenderdə Real TV-nin müraciət etməsinə münasibət bildirib. 

Unikal.org xəbər verir ki, Mirşahin Ağayev Milli Televiziya və Radio Şurasının elan etdiyi tenderdə qalib gələrlərsə, RealTv-nin tarixində ciddi bir mərhələyə start veriləcəyini bildirib:

“Tenderdə 102 tezliyini udarıqsa, Real Radio açılacaq. Radio Real da ixtisaslaşmış xəbər kanalı olacaq. Bizim musiqi, əyləncə, şou verilişlərlə heç bir əlaqəmiz olmayacaq". 

RealTv rəhbəri ANS kanalının Milli Qəhraman Çingiz Mustafayevin adını daşıması barədə də danışıb:

“”ÇM”Çingiz Mustafayevin adı demək deyil. Bu kollektiv  tərəfindən verilən bir addır. Amma rəsmi adı ölkə başçısı, Nazirlər Kabineti, icra hakimiyətləri verir. ANS-in Çingiz Mustafayevin adını daşıması sırf emosianal, duyğusal söhbətin mövzusudur və onun arxasında heç bir hüquqi, rəsmi fakt dayanmır. Çingiz Mustafayevin adına gəmi olub, bir neçə il bundan əvvəl istismar müddəti başa çatıb və doğrayıb, metalloma göndəriblər.

"Fioletovo" klubunun adını Çingiz Mustafayev klubu qoyublar. Ailənin üzvləri orada erotik filimlərin nümayiş etdirildiyini gördükdən sonra rəsmən bu klubun adını dəyişdirilməsini tələb ediblər. Çingizin adına rayon, küçə adları ola bilər. Amma 102 tezlikdir.

Bu dövlətin mülkiyətidir. Onu dövlət heç vaxt kiməsə satmır. Dövlət bunu yalnız icarəyə verir. Bu gün bu tezliyə görə tenderdə iştirak edib və onu udursa, bu həmin adamın da dədə-baba malı deyil. Yol hamınındır və onu bağışlamırlar. Bu efir, tezlik isə bir məkandır.

Bunun Çingiz Mustafayevlə heç bir əlaqəsi yoxdur. 102 FM Azərbaycanda mövcud olan tezliklərin nişanıdır.

Bu baxımdan Çingizin adını daşıyan kanal satışa çıxarılıb demək, məhsuliyətsiz bəyanatdır".

Elvin Rüstəmov