AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində "Meyvələrin söhbəti" adlı yeni videoçarx hazırlayıb.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, videoçarxın hazırlanmasında əsas məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərin diqqətə çatdırılmasıdır.

Təqdim olunan yeni videoçarx bitki mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlıdır. Videoçarxda bitki mühafizə vasitələrindən istifadə etməzdən öncə mütəxəssis rəyinin alınmasının, eyni zamanda bu vasitələrdən norma və qaydalara uyğun şəkildə istifadə etməyin vacibliyi vurğulanır.

Qeyd edək ki, ölkəmizə idxal olunan və təsərrüfatlarda istifadə olunan bitki mühafizə vasitələri və gübrələrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti həyata keçirilir.

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına görə "HH GROUP" Şirkətlər Qrupuna təşəkkür edir.