Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi Qulu Novruzov dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir vətəndaş üçün örnək olduğunu bildirib. Qeyd edib ki, müstəqil Azərbaycanın banisi hər bir azərbaycanlının həyatında dərin iz qoyub. Xalqını dərindən sevən ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunması və möhkəmlənməsi, dövlətimizin inkişafı naminə əvəzedilməz işlər görüb.

Heydər Əliyevin zəngin irsindən söhbət açan Akademiyanın rəisi vurğulayıb ki, müdrik dövlət xadiminin istər sovet, istərsə də müstəqillik illərində xalqına, onun gələcəyinə həsr etdiyi ömür, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətində atdığı qətiyyətli addımlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.

Daha sonra tələbələrin ifasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeir və mahnılar səsləndirilib.