Azərbaycan Dillər Universitetində rektoru Kamal Abdulla bir günlük öz vəzifəsindən istefa verib. 

Unikal.org xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. Xəbərdə bildirilir ki, ADU rektoru  Kamal Abdulla bir günlük öz vəzifəsini tələbə Gülmalı Məmmədova həvalə edib.

Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədovda eyni addımı atıb.

Beləliklə, ADU-nun  Filologiya fakültəsinin III kurs tələbəsi Namazova Süsənbər Tədris məsələləri üzrə xəlifə prorektor, BM və regionşünaslıq fakültəsinin II kurs tələbəsi Rəna Məmmədova Elm və innovasiya məsələləri üzrə xəlifə prorektor, BM və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Kamran İsgəndərov Beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin I kurs tələbəsi Elşən Hüseynli isə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə xəlifə prorektor seçilib.

Xatırladaq ki, Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Yəni bir günlük rektor, prorektor, dekan, mətbuat katibi, mərkəz və şöbə müdirləri, müəllim və tələbə həmkarlar təşkilatının sədrləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.