"ABŞ Senatının qondarma "erməni soyqırımı"nın tanınması barədə verdiyi qətnamə ABŞ-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcək".

Bu barədə Unikal.org-a açıqlamasında Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov bildirib:

“12 dekabr tarixində ABŞ Senatı tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul edilən qətnamə tarixin saxtalaşdırılması və yalnız erməni lobbisinin çirkin məqsədlərinə xidmət edən qərəzli və heç bir hüquqi əsası olmayan sənəddir. Bu bir siyasi qərardır və konkret olaraq Türkiyə əleyhinə qüvvələrin maraqlarına xidmət edir. Dünyadakı  erməni lobbisi və onları dəstəkləyənlər ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etmək üçün qondarma “erməni soyqırımı”nı siyasi möhtəkirlik obyektinə çeviriblər. Bu səbəbdən  də Ermənistan həmin hadisələrin Türkiyənin təklif etdiyi kimi birgə tarixi komissiya tərəfindən araşdırılmasını qəbul etmir. Bütün dünya Ermənistanın işğalçı rejimini tanımalı, törətdiyi qətliamlarla tanış olmalıdır.  İllərdir ki, Ermənistanın Türkiyəyə də ərazi iddiasının olduğu, “Böyük Ermənistan” qurmaq xəyalı ilə yaşadığı hamıya məlumdur. Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisəyə siyasi mülahizələrlə, qərəzli qiymət verməyə çalışan ABŞ Senatı, Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzə, Azərbaycan torpaqlarının işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın düşməsinə və Xocalı soyqırımına münasibətdə ikili standartlarla yanaşaraq ədalətli mövqe nümayiş etdirmir.  Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq, Türkiyəyə qarşı belə bir qətnamənin qəbul edilməsi,   Azərbaycanda da çox pis qarşılanır. Sözügedən qətnamə Türkiyəyə qarşı düşmənliyi özündə əks etdirən siyasi, hərbi güclərin irəli sürdüyü və qəbul etdiyi qondarma siyasi qərardır”.

Qeyd edək ki, sözügedən qətnaməni demokrat senator Robert Menendez, respublikaçı senator Ted Kruz təqdim edib və indiyə qədər  qondarma "erməni soyqırımı"nın  müzakirəsinə 3 dəfə veto qoyulmuşdu.