Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedez-Benz Travego 15 SHD" markalı sərnişin avtobusu saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəticədə avtobusun orta yük yerində 4 ədəd 1 litrlik "Nemiroff Original", 4 ədəd 1 litrlik "Nemiroff Delikat", 19 litr "Marani" markalı və 17 litr üzərində heç bir yazısı olmayan kustar üsullarla hazırlanan müxtəlif qablaşdırmada spirtli içkilər, həmçinin 23 ədəd müxtəlif markalı işlənmiş avtoehtiyat hissəsi aşkarlanıb.

Bununla belə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin salonunda - yan örtüklərin içərisində gömrük nəzarətindən gizlədilən 4500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3102" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində 1040 ədəd üzərində "Mega Black Devil" yazısı olan və 24 ədəd üzərində "Sky City 10 Shots" yazısı olan pirotexniki vasitələr aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.