"Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin ərazisi özəlləşdirilib, yerində obyektlər tikiləcək və xan çinarları kəsiləcək".

Unikal.org xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov facebook səhifəsində yazıb. A.İsmayılov deyib ki, bu barədə məlumatı ona izləyicisi ötürüb:

"Eşitdiyimə görə Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzi özəlləşdirilib yerində obyektlər tikiləcək. Bu park düz şəhərin mərkəzində, diş poliklinikasının önündə yerləşir. Kim tikirsə xeyirli olsun. Amma o ərazidə yüzlərlə 25-30 illik xan çinarları var və onları məhv edəcəklər. Amma icra hakimiyyəti o ərazini park, uşaqlar üçün meydança edə bilər. Bura şəhərin mərkəzində 2 hektara qədər ərazidi və universitetin yanıdır. Eşitdiyimə görə mağazalar tikmək istəyirlər".

Məsələ ilə bağlı Unikal.org-a Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov açıqlama verib:

"Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzinin özəlləşdirilməsi və yerində obyektlərin tikilməsi ilə bağlı yayılmış məlumatlarla əlaqədar daxil olan sorğulara cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, yayılmış məlumatlar yanlşdır və heç bir əsası yoxdur. Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzi özəlləşdirilməyib, bu dövlət əmlakı Səhiyyə Nazirliyinin balansındadır".

Elvin Rüstəmov