Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri əlavə edib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16  nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2066 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini götürüb, 580 nəfər dolduraraq qaytarıb, 285 nəfər isə qeydə alınıb”.

 

MSK sədri həmçinin onu da deyib ki, parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 21-ə çatıb. Bu gün keçirilən iclasında Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.