"Azərbaycanda gedən siyasi proseslər Rusiyanın maraqlarını qane etməsə...”
"Azərbaycanda gedən siyasi proseslər Rusiyanın maraqlarını qane etməsə...”

Sərdar Cəlaloğlu: "Rusiyadakı varlılarımız müstəqil addım atmaq imkanından məhrumdurlar"

Son zamanlar Azərbaycan cəmiyyətinin və müxalifətinin həyatında susqun bir durğunluq yaşansa da, qəfil hadislər də baş verməkdədir. Məsələn, milyarderlərimizin Moskva görüşü və yaxud İctimai Palatadan gözlənilməz istefalar kimi... Beləliklə, bölgədə baş verənlərlə bağlı suallarımızı Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır.

-Sərdar bəy, Azərbaycan müxalifətində hazırda üç əsas güc mərkəzi var: İctimai Palata, Məşvərət Məclisi və Sizin partiyanın da təmsil olunduğu Qarabağ bloku. Yaxın perspektivdə bu birliklər arasında yaxınlaşma və əməkdaşlıq tendensiyaları mümkündür?
-Ümumiyyətlə, istənilən cəmiyyətdəki siyasi qurumlar arasında istər birləşmə, istərsə də ayrılma proseslərinin baş verməsi normal bir hadisədir və bundan əndişələnməyinə dəyməz. Bu da var ki, eyni siyasi müstəvidə fəaliyyət göstərən siyasi qurumlar arasında ara-sıra müəyyən kontaktlar olmalıdır. Biz Azərbaycan Demokrat Partiyası kimi kontaktlara və əməkdaşlıq formalarının tapılmasına çox cəhd göstərmişik, amma İctimai Palatanın rəhbərliyi, demək olar ki, birmənalı şəkildə yuxarıda sadaladığım şəkildə iş birliklərinə soyuq yanaşıb. Yəni buna razılıq verməyib.
-Bəs müxalifət partiyalarının Məşvərət Məclisi ilə münasibətləriniz nə yerdədir?
-Məşvərət Məclisində bizim bir nəfər nümayəndəmiz var, onun tədbirlərində müşahidəçi sifətində iştirak edir. Belə...
-Maraqlıdır ki, sayca azlıq nümayiş etdirən toplumlar, icmalar, cəmiyyətlər mərkəzdənqaçma meyllərinə daha çox uyurlar. Görünür, Azərbaycan müxalifətinin daxilində baş verən parçalanmalar da bununla bağlıdır...
-Əksinə, elmi araşdırmalar nəticəsində sübut edilib ki, böyük toplumların daxilində parçalanma meylləri çox güclü olur. Çünki böyük toplumda ideyalar, üslub müxtəliflikləri də zəngin olur. Buna görə də belə toplumların şaxələnməsi və müxtəlif prinsiplər əsasında qruplara bölünməsi qaçılmazdır. Bunun əksinə olaraq kiçik saylardan təşkil edilmiş qruplar özünü qoruma instinkti ilə birləşməyə daha çox meylli olurlar. Adicə təbiətdə böyük heyvan sürüləri ilə kiçik sürülər halında yaşayan heyvanlara diqqət yetirsək, görərik ki, kiçik heyvan qruplarının həyat tərzi daha mütəşəkkil və daha kompaktdır. Filin yaşam tərzində elə bir nizam-intizam müşahidə edilmir, çünki onun həyatı üçün təhlükələr azdır. Nizamlı yaşayış tərzi təhlükələri aradan qaldırır və yaxud müdafiə edilmək üçün əlavə potensial əmələ gətirir.
-Mən Sizdən istədiyim cavabı aldım... Bəs dediyiniz kimidirsə, azsaylı Azərbaycan müxalifəti niyə parçalanmağa daha çox meyllidir?
-Ümumiyyətlə, birləşmək və qarşılıqlı əməkdaşlıq demokratik təfəkkür tərzinə malik olan insanlar və qruplar üçün xas olan bir keyfiyyətdir. Həmrəyliyin olmaması, birliyə meylin zəifliyi Azərbaycan müxalifətinin demokratik dəyərlərdən uzaq düşməsi ilə bağlıdır.
-Son zamanlar Rusiyadan Azərbaycana ola biləcək təsirlər və təzyiqlər barədə çox danışılır. Azərbaycanlı milyarderlərin məlum Moskva görüşünü bu məcrada təhlil edənlər də var. Ümumiyyətlə, problemə bu baxımdan yanaşanda yaxın bir ildə Rusiyanın Azərbaycana təzyiqləri arta bilərmi?
-Neçə ki Rusiya cəmiyyəti tam demokratikləşməyib, şimaldan Azərbaycana həmişə təhlükə gələcək. Rusiya var gücü ilə çalışır ki, keçmiş SSRİ məkanında baş verən bütün demokratikləşmə proseslərinə mane olsun və bunun qabağını alsın. Buna görə də Rusiya hələ bir xeyli müddət qonşu ölkələr üçün problemlər yaradacaq. Sualınızda vurğuladığınız məsələlər də bununla bağlıdır. Azərbaycanda növbəti prezident seçkiləri Rusiyanın da diqqət mərkəzindədir. Rusiya ehtiyat edir ki, bu seçkilərdə Azərbaycanda da demokratikləşmə prosesi başlaya bilər və bununla bağlı ehtiyat tədbirlərə əl atır. Ona görə də Rusiya bizim milyarderlərin görüşünü təşkil etməklə Azərbaycana mesaj göndərir ki, "Mənim cızdığım xətti keçməyə cürət etsəniz, Azərbaycanda dəyişiklik edəcəyəm!" Rusiyanın bu mesajı həm də Qərb dövlətlərinə yönəlib.
-Nə mənada?
-O mənada ki, yəni Azərbaycandakı proseslərin gedişi üçün Rusiyanın alternativ variantları var: "Azərbaycan mənim təsir dairəmdədir və oradakı prosesləri mən yönəldirəm". Azərbaycanda gedən siyasi proseslər Rusiyanın maraqlarını qane etməsə, öz sərəncamında olan rıçaqlardan güclü şəkildə yararlanacaq. Bunu aydın şəkildə dərk etməliyik ki, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin kapitalı birinci növbədə Rusiyanın var-dövlətidir. Əgər bizim milyarderlər özlərini yaxşı aparmasalar, onalrı da Berezovskinin, Xodorkoviçin, Proxorovun aqibəti gözləyə bilər. Bu həqiqəti anlamaq lazımdır və Rusiyadakı varlılarımız da bunu yaxşı bilirlər və onlar müstəqil hərəkət etmək imkanından məhrumdurlar. Rusiyanın Azərbaycana qarşı istifadə edə biləcəyi ən güclü rıçaqlardan biri də bu ölkədə yaşayan və çörək pulu qazanan iki-üç milyon azərbaycanlıdır. Rusiya istədiyi vaxt hansısa bir bəhanə altında onları öz ərazisindən çıxarda bilər və bu axın Azərbaycan üşün olduqca xoşagəlməz nəticələr verə bilər.
-Bu təhlükələr qarşısında Azərbaycanın manevr imkanları varmı?
-Azərbaycan ilk növbədə, nəyin bahasına olursa-olsun, demokratik hədəflərdən və onları gerçəkləşdirməkdən yayınmamalıdır. Yəni biz bu istiqamətdə ardıcıl və prinsipial şəkildə inkişaf etməliyik.
-Yəni hesab edirsiniz ki, Rusiyanın xarici siyasətinin qurulmasında demokratik dəyərlər dövlət maraqlarını üstələyə bilər? Bu mümkündürmü?
-Əgər biz demokratiyanı xalqın hakimiyyəti hesab ediriksə, bilmək lazımdır ki, xalqın maraqlarından kənarda dövlət maraqları yoxdur. Hansısa maraqlara süni şəkildə dövlət maraqları donu geyindirmək olar, amma dövlətin marağı ilə xalqın maraqları həmişə üst-üstə düşüb. Əsas olan odur ki, dövlət maraqları ilə milli maraqlar üst-üstə düşsün. Bu da o deməkdir ki, Azərbaycanda demokratik cəmiyyətin yaradılmasının alternativi yoxdur.
-ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Dağlıq Qarabağ danışıqları yenidən başlanıb. Amma gələn məlumatlardan hiss olunur ki, bu danışıqlarda yeni bir ab-hava yoxdur. Sizcə, bu proses yenə əvvəlki kimi imitasiya xarakterli olacaq, yoxsa, nəsə bir yeni prinsip və təkliflər ola bilərmi?
-Dağlıq Qarabağ probelminin həlli Rusiyanın bu bölgədəki maraqları təmin edilməyənə qədər mümkün olmayacaq. Bu problemin müəllifi Rusiyadır, ona görə də o da bu problemi həll etmək istəmir və münaqişənin hələ bir müddət qalmasında və davam etməsində israrlıdır.
Çünki Rusiya hələ də imperiya ambisiyalarından azad olmayıb. Rusiya hələ də MDB məkanına özünün votçinası kimi yanaşır və bu əraziyə yaxınlaşmağa cəhd göstərənləri və yaxud onun təsəvvürüncə, bu ərazidə özünü yaxşı aparmayanları dirsəkləməyə çalışır. Ona görə də yuxarıdakı fikrimə bir daha qayıdıram ki, Rusiyanın tam şəkildə demokratikləşməsi bu bölgədəki problemləri də həll edəcək. Əks halda nə münaqişə həll ediləcək, nə də Rusiya Azərbaycanda və Ermənistanda sözün həqiqi mənasında dövlət quruculuğuna imkan verəcək.
-Belə çıxır ki, yaxın əlli ildə Rusiya demokratikləşməsə, biz Dağlıq Qarabağdan gözümüzü çəkməliyik?
-Yox, söhbət təkcə Rusiyanın demokratikləşməsindən getmir. Rusiyanın bu bölgədə həm də dövlət maraqları var. Ola bilsin ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları başqa bir bölgədəki maraqları ilə əvəzlənsin və bu zaman Rusiyanı neytrallaşdırmaq mümkün olsun. Rusiyanın daxilində elə proseslər gedə bilər ki, bölgədəki qüvvələr nisbəti tamamilə dəyişə bilər. Məsələn, Qərbin vaxtilə Çeçenistana tam dəstək verməməsini mən böyük bir səhv hesab edirəm. Çeçenistana o zaman dəstək verilsəydi, bu gün qarşımızda bu qədər ambisiyalara malik olan Rusiya durmazdı. Çeçenlər daha yaxşı müdafiə edilsəydi, Rusiyaya bu gün Qərbin təsir etmək imkanları daha çox olardı. Nəyə görəsə Qərb çeçenləri müdafiə etmədi və Rusiya çeçenləri əzəndən dərhal sonra ətrafındakı keçmiş SSRİ respublikalarına təsir etməyə başladı. Nə qədər ki, Rusiyanın başı Çeçenistan məsələsinə qarışmışdı, Ukraynada və Gürcüstanda inqilablar baş verdi və Azərbaycanın özündə də demokratik proseslər indikindən xeyli yaxşı gedirdi.
-Sonuncu sualım: bir sakin kimi özünüzü Bakıda necə hiss edirsiniz?
-Açığı deyim ki, Bakı istənilən azərbaycanlı üçün yad şəhərdir. Bilirsiniz, nə mənada? Yəni siz əgər yaranan imkanlardan bəhrələnə bilmirsinizsə və bu imkanlar sizin həyatınızla bilavasitə əlaqəli deyilsə, o mühit sizə tədricən yadlaşacaq. Buna görə də hesab edirəm ki, Bakı bir qrup insan üçün doğma şəhərdir, hamı üçün deyil.

Söhbətləşdi: Savalan