“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində gərginlik qalmaqdadır”.

Bunu Unikal.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, əməkdaşlar hələ də ərazidədir və araşdırmalar davam etdirilir:

“Asfalta tökülən torpaq qatı götürülməyib. Hazırda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”.

Xatırladaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.