35 saylı Xətai üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə rayonun Gəncə prospektinin bir hissəsinin sakinləri ilə görüşüb. 
Unikal.org
xəbər verir ki, İ.Ağazadə sakinlərə deyib ki, o, görüşə onlardan xeyir-dua almağa gəlib: "Bir valideynin övladı üzərində nə qədər haqqı varsa, bir siyasətçinin üzərində də seçicilərin o qədər haqqı var. Haqqınızı mən zaman-zaman doğrultmağa çalışacam. Telefon nömrəm hər bukletdə var, zəngləri şəxsən özüm açıram. 2001-ci ildə sizlərə verdiyim o telefon nömrəsi indi də məndədir, heç dəyişmədim".
İ.Ağazadə daha sonra bunları qeyd edib: "Bizi daha çox narahat edən gənclərimizin işsizlik problemi, uşaq pulu məsələsi, təqaüdçülərimizin, müəllimlərimizin problemləridir. Müllət vəkili təkcə məhəlli problemləri həll etmək üçün deyil, ölkə miqyasında düşünməyi bacarmalı, xalqın problemlərinin həlli üçün çalışmalıdır. Biz uzun bir yola çıxırıq. Mənə xeyir-dua verməyinizi, uğur arzulamağınızı istəyirəm. Sizlər mənim arxamda dayanmasanız, mən bu prossesdə qalib gələ bilmərəm".

Görüşün sonunda Qarabağ qazisi İ.Ağazadə sakinlərin suallarına cavab verib. Sakinlərin "Biz keçən seçkilərdə gəlib sizə səs verdik, niyə qutudan başqası çıxdı?" sualını partiya sədri belə cavablandırıb: "Bu dəfə mən seçicilərimin haqqını kimsəyə verməyəcəm. Buna görə hər birinizə söz verirəm".
Sonda Gəncə prospektinin sakinləri İ.Ağazadəni əmin ediblər ki, 9 fevralda səsverməyə gedib məhz ona səs verəcəklər.