Tovuzda qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı istintaq davam etdirilir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə açıqlamasında N. Quliyevanın əmisi Lətif Quliyev deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı İlkin Süleymanovdan başqa saxlanılan yoxdur: “Hələlik Nərminin ailəsindən istintaqa çağırılan olmayıb. Bizə əlavə məlumat verilməyib, istintaq gedir. O gündən sonra İlkinin ailəsindən heç kim Nərmin Quliyevin ailəsindən heç kimi görməmişik”.

L.Quliyev təqsirləndirilən şəxsin atası İbrahim Süleymanovun oğlunun günahsız olması barədə dediklərinə də münasibət bildirib.

O bildirib ki, İbrahim Süleymanovun dedikləri həqiqətə uyğun deyil: “Yalan olsaydı niyə saxlayırdılar İlkini? Yalan deyil ki saxlayıblar. Onun valideynlərindən heç biri hadisədən sonra bizə nə gəlməyib, nə də heç nə deməyiblər. Harda nə danışıblar, bilmirik. Biz istintaqın gedişini gözləyirik”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.