Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 18-də Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu ağ rəngli “AzSamand” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini Əhmədov Anar Kərəm oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kq 980 qram narkotik vasitə (2 kq 115 qr “marixuana” və və 865 qram “tiryək”) aşkar olunaraq götürülüb.

A.Əhmədovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobildə olan digər iki nəfər şəxs hadisə yerindən qaçmağa cəhd göstərib, lakin təqib edilərək saxlanılıb. “AzSamand” markalı 90 PS 159 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılan şəxslər özlərini Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Niftəliyev İlkin Gəray oğlu və Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Məftunə Xudayat qızı kimi təqdim etmiş və əraziyə narkotik vasitələri aparmaq məqsədilə gəldiklərini bildiriblər. 

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.