İspaniyanın “Barselona” klubu zədəli hücumçusu Luis Suaresi əvəzləmək üçün futbolçu axtarışını davam etdirir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Monako”nun hücumçusu Vissam Ben Yedderi transfer etmək istəyib. Fransa klubunun rəhbərliyi ilə görüşən katalonlar, futbolçu üçün “Monako”ya 80 milyon avro təklif edib. Qış fasiləsində hücumçusunu satmaq niyyətində olmadığını bildirən “knyazlıq klubu” “Barselona”nın bu təklifindən imtina edib.

Cari mövsümdə “Monako”nun heyətində 23 oyuna çıxan 29 yaşlı futbolçu, bu qarşılaşmalarda 15 qol, 9 məhsuldar ötürməylə yadda qalıb. Fransalı futbolçunun “Monako” ilə müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.

“Barsa”nın “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanqla da maraqlandığı deyilir.