Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bu gün Əhliman Əmiraslanov Saatlı rayonunda bir qrup seçiciləri ilə görüş keçirib.

Unikal.org xəbər verir ki, YAP Saatlı rayon təşkilatında keçirilən görüşdə rayonun Hacı Qasımlı, Naharlı, Məzrəli, Qaracalar və Gomuşçu kəndlərindən olan seçicilər iştirak ediblər.

Görüşdə  çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib. L.Şıxəliyev bildirib ki, bu dəfəki parlament seçkiləri yeni islahatlar dövründə ölkəmizin inkişafının daha da sürətlənməsinə təkan verəcək:

“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkəmizdə vətəndaşların sosial rifah halı gündən-günə yaxşılaşır”. O, seçiciləri "Daha güclü Azərbaycan naminə" Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən deputatlığa namizəd akademik Əhliman Əmiraslanov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib:

"YAP hər zaman xalqın yanında yer alıb. YAP seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılır. Bu isə bütün sahələrdə, o cümlədən vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdirilməsi deməkdir".

 

Görüşdə iştirak edən seçicilər çıxış edərək  bildiriblər ki, onlar yenə də dövlətimizin siyasi kursuna və hakim partiyanın namizədi olan Əhliman Əmiraslanova  səs verəcəklər.