Çinin Uhan şəhərindən təxliyə olunaraq Türkiyəyə gətirilən 42 nəfər və 20 nəfərlik tibbi heyət Ankarada Zəkai Tahir Burak adına xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, Çindən gətirilən şəxslər xüsusi şəkildə izolyasiya olunmuş otaqlarda yerləşdirilib. Onların hər biri üçün ayrı otaqlar ayrılıb.
İlkin müayinələr zamanı koronavirus aşkarlanmasa da, həmin şəxslər 14 gün karantində saxlanılacaqlar. Hər 3 gündən bir təkrar müayinədən keçiriləcəklər.

Xəstəxanaya kənar şəxslərin girişi qadağan edilib. Təhlükəsizliyin təmin olunması üçün əraziyə polis əməkdaşları cəlb olunub. Nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, Çində ölümcül koronavirusun geniş yayıldığı Uhan şəhərində yaşayan 42 nəfər ötən gün Türkiyəyə gətirilib. Onlardan 6 nəfəri Azərbaycan vətəndaşıdır.