Ölkədə növbədənkənar parlament seçkilərinə 3 gün qaldı. Hazırda 1321 namizəd deputat seçilmək üçün mübarizə aparır.

Hər zaman parlamentin işini, deputatların fəaliyyətini izləyən Parlament Jurnalistləri Birliyinin üzvləri bu ilki seçki kampaniyası barədə hansı düşüncədədirlər?

Unikal.org xəbər verir ki, Modern.az bu suala cavab tapmaq üçün birliyin bir qrup üzvü arasında sorğu keçirib.

Sanki hansısa ilahi qüvvə onu bu seçkilərdə qalib edəcək

“Modern.az” saytının əməkdaşı Namidə Bingöl budəfəki parlament seçkilərinin maraqlı namizədlərlə diqqət çəkdiyini deyir:

“Hiss olunur ki, deputatlığı qarşısına məqsəd qoyanlar da az deyil. Bu seçkilərdə bir neçə namizəd var ki, təbliğatlarını izləyirəm. Məsələn, 100 saylı Şəmkir seçki dairəsindən Kamran Bayramovun seçki təbliğatı mənə daha təbii təsir bağışlayır. Başını aşağı salıb təbliğatını aparmaqla məşğuldur. 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd Kamal Cəfərov pozitiv təsir bağışlayır.

Mütəmadi olaraq izlədiyimdən onu deyə bilərəm ki, bu namizədin gülərüz olmayan fotosu yoxdur. Hər bir seçicisinin üzünə gülür. Deputat seçilərsə, bundan sonra da mimikası belə gülərüz qalacaq, bax onu bilmirəm.

117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizəd Ləman Ələşrəfqızının prinsipiallığına heyranam. Əzmlə yola çıxıb. 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Etibar Əliyev isə daha fərqli mübarizə aparır. Sanki hansısa ilahi qüvvə onu bu seçkilərdə qalib edəcək”.

9 fevralda layiqli namizədlər qələbə qazanacaq

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov bu dəfəki seçki kampaniyasında təbliğat prosesinin daha çox sosial şəbəkələrdə hiss olunduğunu deyir:

“Müşahidələrimiz onu göstərir ki, bəzi keçmiş millət vəkillərinin yenidən namizədliyini irəli sürməsi  seçicilərdə qıcıq yaradır. Buna baxmayaraq bəzi deputatlığa namizədlər uğurlu təşviqat kampaniyası aparır. Ölkədə daha çox təbliğat-təşviqat prosesində aktivlik 35 saylı Xətai seçki dairəsində hiss olunur. Rauf bəylə İqbal Ağazadə arasındakı mübarizə daha çox diqqət çəkir. Uğurlu təbliğat-təsviqat kampaniyası kimi Zaur Məmmədov, Elmar Musayev, Əhliman Əmiraslanov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Novruz Aslanov və digərlərini göstərmək olar. Adlarını çəkdiyim namizədlər seçicilərlə daha çox görüşür. Onların qaldırdığı məsələlərə daha həssas yanaşırlar. Düşünürəm ki, 9 Fevralda layiqli namizədlər qələbə qazanacaq”.

Bir sıra deputatlığa namizədin apardığı kampaniya daha maraqlıdır

“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev bəyəndiyi namizədlərin Nəsimi Paşayev, Xəyal Məmmədxanlı, Kamal Cəfərov, Kamran Əsədov,Vasif  İsmayıl olduğunu qeyd edib:

“Bu il əvvəlki illərdən fərqli olaraq bir sıra deputatlığa namizədin apardığı kampaniya daha maraqlıdır. Sözsüz ki, burada sosial şəbəkələrin yaratdığı imkanlar da var. Belə ki, bizim öz seçki dairəmizdən olmayan digər namizədlərin apardığı kampaniyanı görmək imkanımız olur”.

Mən sözə deyil, əmələ inanıram

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə seçki kampaniyasında sözə yox, əmələ inandığını bildirib:

“Bəyəndiyim namizədlər arasında Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Azay Quliyev, Əli Məsimli və Vahid Əhmədovun adını bu gün seçicilərlə görüşlərdə verdikləri vədləri və gələcək parlament fəaliyyətlərini deyil, bu günədək keçdikləri yolu bildiyimdən dolayı çəkə bilərəm.Yəni mən sözə deyil, əmələ inanıram və adlarını çəkdiklərimin hansı əməl sahibi olduqlarını bilirəm. Yaddan çıxan namizədlər və deputatlar da ola bilər, düşünürəm ki, inciməzlər”.

Ümumi halda fikir bildirə bilmərəm…

“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu sonuncu çağırış deputatlarının fəaliyyətindən razı olduğunu deyir:

“Ümumi halda fikir bildirə bilmərəm. Çünki açığı prosesi tam izləyə bilmirəm. Amma insanların sevgisini və səsini qazanmış namizədlər var. Bu əsasən son deputatlarımıza aiddir. Bu da onunla əlaqədardır ki, deputat olan vaxtı seçicilərinə vaxt ayırıblar. Yasamaldan Ülvi Quliyev, Ağcabədidən Aqil Abbas, Sabir Rüstəmxanlı, Adil Əliyev bəyəndiyim namizədlər arasındadır. Sosial şəbəkələrdə də onlara qarşı olan etimad aydın hiss olunur”.

Partiyamızın namizədlərini dəstəkləyirəm…

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəklədiyini bildirib:

“Partiyamızın namizədləri seçki kampaniyasını uğurla həyata keçirir. Təşviqat kampaniyasında da bu nəmizədlər çox fəaldır. YAP namizədləri rayon mərkəzlərindən tutmuş ucqar kəndlərədək görüşlərə gedirlər. İnsanların evlərini ziyarət edirlər, yəni fərdi görüşlərə də çox üstünlük verirlər. Həmçinin ağsaqqallarla, şəhid ailələri ilə, Qarabağ müharibəsi əlilləri və veteranlarla görüşlərə xüsusi diqqət verilir. Görüşlərin mütləq əksəriyyətində YAP-ın namizədləri, partiyanın seçki kampaniyası rəğbətlə qarşılanırlar. Eyni zamanda, onlar sosial şəbəkələr vasitəsilə də fəal şəkildə təbliğat aparır, görüşlərini KİV-lə yanaşı sosial şəbəkələr üzərindən də paylaşır,videoçarxlar hazırlayıb paylaşırlar və s.Yəni bu proses qanunvericiliyə tam uyğn şəkildə həyata keçirilir. Mən daha çox YAP-ın namziədlərinin təbliğat kampaniyasını izləyirəm. Bu partiyanın kampaniyası digər siyasi partiyalar üçün nümunə ola bilər. Bitərəf namizədlərə gəlincə, təbii ki, namizədlərin hamısının kampaniyasını izləmək mümkün deyil. ancaq onu deyə bilərəm ki, 14 saylı Xəzər seçki dairəsindən bitərəf deputatlığa namizəd Soltan Məmmədov da fəal təbliğat kampaniyası aparır. Sosial şəbəkələrdə müşahidələrim əsasında bunu deyirəm”.

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli bu ilki seçkilərdə kifayət qədər aktiv namizədin olduğunu deyir:

“Seçilməsini istədiyimiz namizədlər Nəsib Məhəməliyev, Cavanşir Paşazadə, Tahir Kərimli, Vahid Əhmədov, Əli Məsimli, Fəzail Ağamalı, Qənirə Paşayeva, Adil Əliyev, Ağasif İbrahimov, Odər Qənidir. Ola bilər, hansılarınsa adını unuda da bilərəm. Sadaladığım namizədlər həm də çox uğurlu təşviqat aparıblar. Bu namizədlərin rəqibi yoxdur. Milli Məclis seçkili orqandır, burada xalq öz sözünü deyir. Ona görə də namizədi seçki dairəsində daha yaxşı tanıyırlar. Düşünürəm, fəaliyyətini yüksək qiymətləndirdiyimiz şəxsləri seçicilər də təqdir edir”.

“Türküstan.info” saytının baş redaktoru Aqil Camal növbədənkənar parlament seçki kampaniyası ümumilikdə gözlənildiyindən də dinamik şəkildə davam etdiyini bildirib:

“Kampaniyada deputatlığa iddiaçıların sayı kifayət qədər çoxdur. Bu da, daha çox insanın prosesə cəlb olunmasına gətirib çıxarır. Ən müxtəlif formalı təbliğat-təşviqat vasitələrindən istifadə olunur. Seçicilərlə kütləvi və fərdi görüşlər, internet resurslarında, sosial şəbəkələrdə effektiv təbliğat üsullarından istifadə edilir. Bu sırada daha çox diqqətimi çəkən millət vəkillərindən Azay Quliyevin, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fazil Mustafanın və digərlərinin adlarını qeyd edə bilərəm. Eyni zamanda, bu seçkidə həm mediadan, həm də QHT sektorundan çox sayda həmkarlarım namizəd olaraq effektiv kampaniya aparırlar. Onların hər birinə qələbə arzu edirəm”.

Eyni pozalı şəkillər, oxşar şüarlar...

CBC TV-nin əməkdaşı Fərəh Sabirqızı kreativ kampaniya aparan namizəd görmədiyini qeyd edib:

“Bakıda oturub, bütün ölkə üzrə gedən təbliğat-təşviqat kampaniyasını tam obyektiv qiymətləndirə biləcəyimi düşünmürəm. Yalnız mediada, sosial şəbəkələrdə gördüklərimə əsaslanaraq deyə bilərəm ki, bu seçkidə xüsusi fərqlənən, yadda qalan, kreativ kampaniya aparan namizədlər demək olar görmədim. Xüsusi səslənən, dərhal qulağa yatan, əzbərləyə biləcəyin bir şüar, sloqan da eşitmədim. Düzü, bunu daha çox jurnalist namizədlərdən gözləyirdim, amma rast gəlmədim. Namizədlərin əksəriyyəti saytlarda xırda reklam lövhələrini yerləşdiriblər və ümumi baxanda kimisə fərqlndirmək olmur– eyni pozalı şəkillər, oxşar şüarlar...

Yığıncaqların əksəriyyəti xeyir-şər evlərində olduğu üçün, seçki görüşlərindən şəkillər daha çox yas məclislərini xatırladır. Kampaniya dövründə yalnız azsaylı maraqlı fotoslayd və video çarxlar gözümə dəyib. Deyilənə görə, hansısa dairədən namizəd olan idman müəllimi maraqlı bir video çəkdirib, çoxlu baxış sayı toplayıb. Şəxsən tanıdığım və qazanmasını istədiyim namizədlər var ki, onların təbliğatında nisbətən fərqli elementləri müşahidə etmişəm. Məncə, həmkarlarım Aygün Muradxanlı, Rauf Arifoğlu və Nəsimi Paşayevin seçkiqabağı kampaniyasında maraqlı üsullardan istifadə edə bildilər. Azay Quliyev, Bəxtiyar Hacıyevin, Tahir Mirkişilinin nisbətən fərqli kampaniyasını görmək olar. Bəzi namizədlər də var ki, məncə, heç təbliğata ehtiyacları yoxdur, millət vəkili olduqları dövrdə hər gün işləri ilə özlərini təbliğ ediblər. Bunların sırasında Qənirə Paşayevanı xüsusi qeyd etmək istəyirəm. Bu seçkidə həqiqətən də millətin vəkili olmağa layiqli insanların parlamentə seçilməsini arzulayıram”. 

Dəstəkləyirəm…

“Ölkə.az” saytının əməkdaşı Mürtəza Bünyadlı  bəyəndiyi namizədləri belə sıralayıb:

“Qorxmaz İbrahimli, Etibar Əliyev, Xanoğlan Əhmədov, Sevinc Fətəliyeva, İqbal Məmmədov, Tahir Mirkişili, Musa Qasımlı, İlham Məmmədov, Musa Quliyev, Səid Kazımov, Sadiq Qurbanov, Aygün Muradxanlı, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Fəzail İbrahimli, Ülvi Quliyev və Azay Quliyev dəstəklədiyim namizədlər sırasındadır”.

İndi 1300-ə yaxın iddiaçı mübarisəzini davam etdirir ki, bu da rekord göstəricidir

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bu ilki seçkilərə marağın daha çox olduğunu bildirib:

“Ötən dövrdə keçirilən parlament seçkiləri ilə 2020-ci il parlament seçkiləri arasında kifayət qədər fərqlərin olduğunu siyasi proseslərlə, seçkilərlə maraqlanan hər kəs etiraf edir. Xüsusilə də ölkə parlamentində 125 yerin olmasına baxmayaraq, 2000-dən artıq iddiaçının meydanda mübarizə aparmaq istəyi, əzmi bu fərqin bariz nümunəsi idi.  İndi isə 1300-ə yaxın iddiaçı mübarisəzini davam etdirir ki, bu da rekord göstəricidir. Bu ondan qaynaqlanır ki, seçki prosesinə hər hansı bir müdaxilə yoxdur, rəqiblərə bərabər imkanlar yaradılıb. Müxtəlif təbəqədən olan, özünü parlammentdə görmək istəyən və mübarizədə iştirak etmək istəyən şəxslər azad şəkildə seçki prosesində iştirak haqqı əldə etdi. Bu da Azərbaycanın beynəlxalq aləmdə imici baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Bu dəfəki parlament seçkilərində üzürlü səbəblərdən iştirak edə bilməsəm də, artıq uzun müddətdir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru, dostumuz Rauf Arifoğlunun seçki kampaniyasında iştirak edirəm, seçki günü də müşahidəçi qismində olacam.

Onun fəal və kreativ metodlarla seçki kampaniyası aparması hər kəsin diqqət mərkəzindədir. Ümid edirəm ki, fevralın 9-u bu çəkilən əziyyətin bəhrəsini görəcəyik. Bir çox həmkar və dostlarımız seçki prosesində iştirak edir və yaradılan şəraitdən bəhrələnməyə çalışır. Konkret ad çəkmirəm, bütün həmkarlara uğurlar arzu edirəm, ümid edirəm ki, seçki prosesi yeni mərhələ formalaşdıracaq və qazanan Azərbaycan olacaq”.

Bəzi yeni simalar özlərini tanıda bildilər…

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli Qənirə Paşayeva, Azay Quliyev, Fəzail Ağamalı, Ülvi Quliyev və Rauf Arifoğlunun təbliğat kampaniyasını bəyəndiyini bildirir:

“Bu ilki parlament seçkiləri daha dəyərli və layiqli namizədlərin seçilməsi üçün bir şansdır. Artıq bununla bağlı dövlət öz siyasi iradəsini ortaya qoyub. Dövlət başçısı İlham Əliyev seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün tapşırıqları verib. Bəzi yerli icra strukturlarını çıxmaq şərtilə böyük əksəriyyət seçkiyə müdaxilədən uzaqdır. Məhz bu namizədlərə daha cəsarətli təbliğat kampaniyası aparmağa imkan yaradır. Bu seçkidə Qənirə Paşayeva, Azay Quliyev, Fəzail Ağamalı, Rauf Arifoğlu kimi namizədlərin təbliğat kompaniyasına daha önəm verirəm. Bir sıra nazmizədlər hətta eyni seçki texnologiyasından istifadəyə üstünlük verdilər. Namizəd Azay Quliyevin seçici kabineti yaratması buna misaldır. Hətta yeni simalardan olan bəzi namizədlər deputat olmasalar da belə cəmiyyətə özlərini kifayət qədər tanıda bildilər”.

Bu dəfəki parlament seçkilərinin təşviqat mərhələsi əvvəlkilərdən xeyli fərqlənir…

“Report.az” saytının əməkdaşı İmdad Əlizadə namizədlərin müasir texnologiyadan istifadəsini yükək qiymətləndirir:

“Bu dəfəki parlament seçkilərinin təşviqat mərhələsi əvvəlkilərdən xeyli fərqlənir. Xeyli namizəd  müasir texnologiyalardan və sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək uğurlu kampaniya aparırlar. Onların işini çox bəyənirəm. İnanıram ki, həmin namizədlər seçiciyə sözlərini çatdıra biliblər. Hər zamankı kimi Ülvi Quliyevin apardığı təbliğat-təşviqat işlərini bəyənirəm”.

Alqışlanası bir kampaniyanın şahidi olmamışam…

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan yüksək alqışlanası bir kampaniyanın şahidi olmadığını deyir:

“Hər gün mətbuatda onlarla deputatlığa namizədin təbliğat kampaniyası ilə bağlı xəbərlərinə rast gəlirəm. Ancaq yüksək alqışlanası bir kampaniyanın şahidi olmamışam. Bununla belə bir neçə namizəd var ki, onların mübarizəsini alqışlayıram. Məsələn, Günel Səfərova, Bəxtiyar Hacıyev, jurnalistlərdən Zaur Məmmədov, Afət Telmanqızı, Rufik İsmayılov, Ləman Əliəşrəfqızı seçicilərlə mütəmadi görüşlər keçirirlər. Yəni bu namizədlərin mübarizə əzmini çox bəyənirəm”.

Hər bir namizəd bu məqamlara fikir verməlidir…

“Etikxeber.az” saytının baş redaktoru Kamil Həmzəoğlu parlament seçkilərinə böyük maraq göstərdiyini deyir:

“Seçki kampaniyası artıq finala yaxınlaşır. Bir jurnalist, həm də siyasətlə maraqlanan şəxs kimi bu prosesi maraqla və yaxından izləyirəm. Eyni zamanda özümün də rəhbərlik etdiyim saytda seçkiyə geniş yer ayırmışam, təbliğat prosedurunda iştirak etdiyim namizədlər də var. Konkret olaraq hazırki deputatlardan Ziyad Səmədzadə, Jalə Əliyeva, Kamilə Əliyeva, Qənirə Paşayeva, Azər Kərimli, Azay Quliyev, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Azər Badamov, Eldəniz Səlimov və Sahibə Qafarovanın seçki kampaniyasını müsbət qiymətləndirirəm.

Adını çəkdiyim bu şəxslərin kampaniyasında kifayət qədər maraqlı və səmimi ortam, kreativ yanaşma var. Eyni zamanda yeni namizədlərdən, Kamal Cəfərovun, Elnur Allahverdiyevin, jurnalist həmkarlardan isə Bəhruz Məhərrəmovun, Ləman Ələşrəfqızının və Fərid Şahbazlının təbliğat-təşviqat kampaniyasını müsbət qiymətləndirirəm. Kampaniyada əsasən səmimi olmaq, verilən vədlərin dürüstlüyünə insanları inandırmaq lazımdır. Bu baxımdan hər bir namizəd bu məqamlara fikir verməlidir. Layiqli olan hər kəsə uğurlar arzu edirəm”.