65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun seçicilərlə  görüşləri uğurla davam edir.

Unikal.org xəbər verir ki, növbəti  görüş Sabirabad rayonunun Muradbəyli, Qasımbəyli və Türkədi kəndlərinin sakinləri ilə olub. Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının  sədri Məleykə Ağayeva Əhliman Əmiraslanovun seçicilərə qarşı diqqət və qayğısından danışıb.

Növbəti dəfə seçicilərinin görüşünə gələn Əhliman Əmiraslanov  son illər ölkəmizdə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində görülən işlərdən danışıb: “Bu gün hər birimiz Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək daha güclü Azərbaycan naminə çalışmalıyıq. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi islahatlar aparılır və icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq vətəndaşlarımız yüksək keyfiyyətli tibbi xidmətlə təmin ediləcək”. 

Tədbirdə çıxış edən yerli sakinlər deputatın ötən illər ərzindəki fəaliyyəti ilə seçicilərinin etimadını layiqincə doğrultmasından söz açaraq 9 fevral seçkilərində də növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini bildiriblər.